Kamil iman sahibinin Allah inancı

Image 01 Allahdan qorxub çəkinərlər

...Və Onun qorxusundan tir-tir əsirlər.
(Ənbiya surəsi, 28)

Allahın böyüklüyünü, gücünü və sonsuz ağlını qavrayan kamil iman sahibləri Rəbbimizə qarşı hörmət dolu bir qorxu duyarlar. Allahın Quranda xəbər verdiyi "Nə qədər bacarırsınızsa Allahdan qorxun..." (Təğabun surəsi, 16) əmrinə itaət edərək bu qorxularına sərhəd qoymazlar. Qarşılaşdıqları hər hadisə, ətraflarında gördükləri hər şey Allahın böyüklüyünü təqdir etmələrinə, imanlarının artmasına, bu səbəbdən də qorxularının dərinləşməsinə vəsilə olar.

Belə dərin bir qorxu güclü şəkildə çəkinməni də özü ilə gətirir. Bu çəkinmənin şiddəti insanın Allahın bütün əmr və tövsiyələrini diqqətlə tətbiq etməkdə və Onun məhrum etdiyi şeylərdən də üz çevirməsində özünü müəyyən edir. Bir ayədə kamil iman sahiblərinin bu rəftarı belə bildirilir:

Onlar özlərinin fövqündə olan Rəbbindən qorxur və onlara əmr olunanları yerinə yetirirlər.  (Nəhl surəsi, 50)

Allah bir ayədə insanların qavrayışını dərinləşdirəcək bir nümunə verərək razı olacağı qorxuya belə işarə etmişdir:

Əgər Biz bu Quranı dağa nazil etsəydik, sən onun Allahın qorxusundan boyun əyib parça-parça olduğunu görərdin. Biz bu misalları insanlar üçün çəkirik ki, bəlkə, fikirləşələr.  (Həşr surəsi, 21)

 

Ayədə işarə edildiyi kimi, qəlbən iman edənlərin Allah qorxusu da bu cür şiddətli və dərindir.

Kamil iman sahiblərinin Allah qorxusu son dərəcə güclüdür, lakin bu, cahiliyyənin yaşadığı batil qorxular kimi çətin bir qorxu deyil. Bu qorxu mömini onu yaradan və yaşadan Allaha bağlayan, dərin bir hörmət və dərin bir sevgiyə əsaslanan bir qorxudur. İnsana həyat verən, şövq, həyəcan və əzm verən bir qorxudur. Eyni zamanda da mömini Allahın razı olmayacağı rəftardan çəkindirən, xeyir istiqamətində hərəkətə gətirən, Allahın bəyəndiyi əxlaqı qazandıran və bunun nəticəsində də mənəvi həzz verən bir duyğudur. Bu qorxu ancaq Allaha duyulan dərin sevgi ilə bir yerdə yaşana bilər. Kamil iman sahibləri Allahı nə qədər çox sevirlərsə, Ondan bir o qədər də çox qorxurlar. Bu iki anlayış hər an bir tarazlıq içərisində yaşanır. Bunlar kamil iman sahiblərinin imanlarının ən əhəmiyyətli göstəricilərindəndir.

Kamil iman sahiblərinin Allahdan içləri titrəyəcək dərəcədə güclü və hörmət dolu bir qorxu ilə qorxmalarına vəsilə olan isə Allahı təqdir edə bilmələridir. Allahın Qəhhar (qəhr edən, hər şeyə, hər istədiyini edən, qalib və hakim), Müəzzib (əzablandıran), Müntəqim (intiqam alan), Saiq (cəhənnəmə sürən), Müzil (zillətə salan, xor və alçaq edən) sifətlərini bilən möminlər Allahın həm dünyada, həm də axirətdə dilədiyi an, dilədiyi kimsəyə, dilədiyi əzabı verə biləcəyini bilirlər. Bu əzabdan ancaq lazımınca qorxub-çəkinənlərin xilas ola biləcəyinin də şüurundadırlar. Buna görə də başqa heç bir şeydən deyil, yalnız bütün gücün sahibi olan Allahdan qorxarlar.

 

Allahı hər kəsdən və hər şeydən çox sevərlər

... “Allah bizə yetər. O, nə gözəl qoruyandır!”– dedilər. (Ali-İmran surəsi, 173)

Kamil iman sahiblərinin Allah qorxuları kimi, Allaha olan sevgiləri də çox güclüdür. Özlərini yoxdan var edənin, saysız nemətləri xidmətlərinə verənin, onları hər an qoruyanın Allah olduğunu bilirlər. Bütün varlıqların ancaq Onun izni ilə həyatda var olduqlarına və yenə də Onun diləməsi ilə bir gün mütləq yox olacaqlarına, baqi olanın tək Allah olduğuna iman edərlər. Bu həqiqəti qavradıqları üçün bütün sevgilərini onları yaradan və yeganə sahibləri olan Allaha yönəldərlər. Belə ki, Allahı gördükləri, bildikləri, qavradıqları hər şeydən və hər kəsdən çox sevərlər.

Quranda xəbər verilən "...O, nə gözəl himayədar, nə gözəl yardımçıdır!" (Ənfal surəsi, 40) ayəsində də bildirildiyi kimi, Allahdan daha gözəl bir vəli və köməkçi ola bilməyəcəyinin şüurundadırlar. Üstün bir imana sahib olan hz. İbrahimin Quranda xəbər verilən bir duası belədir:

O Rəbb ki, məni yaratmış və məni doğru yola yönəltmişdir; O Rəbb ki, məni yedirdir və içirdir; O Rəbb ki, xəstələndiyim zaman mənə şəfa verir; O Rəbb ki, məni öldürəcək, sonra dirildəcəkdir; O Rəbb ki, haqq-hesab günü xətalarımı bağışlayacağını Ondan umuram. Ey Rəbbim! Mənə hikmət ver və məni əməlisalehlərə qovuşdur! (Şüəra surəsi, 78-83)

 

Göründüyü kimi, hz. İbrahim də ona can verənin, yer üzündəki hər hadisəni idarə edənin, ruzini verənin, xəstəliyi və ona şəfa olacaq imkanı yaradanın və yer üzünün yeganə hakiminin Allah olduğunu çox yaxşı bilir. Bu səbəblə də Allaha könüldən bir sevgi ilə bağlanmışdır. Kamil iman sahiblərinin nümunə götürdükləri Allah sevgisi məhz budur.

Kamil iman sahibləri yaradılmış digər bütün varlıqları da, Allaha olan sevgiləri və bağlılıqları ilə doğru mütənasib olaraq sevirlər. İnsanlara olan sevgilərindəki ölçü onların Allahın əmr etdiyi əxlaqı üzərilərində nə dərəcə daşıdıqlarından asılıdır. Allahın əmr və qadağalarına diqqət edən, Onun əmr etdiyi əxlaqı ən gözəl şəkildə yaşayanlara qarşı dərin sevgi bəsləyərlər. Bu insanları sevmələrinin əsl səbəbi onların da Allahı çox sevən, yalnız Allahı dost və vəli edən insanlar olmalarıdır.

Əsl iman möminlərə dünyada gördükləri hər cür gözəlliyin, ağılın və bütün qabiliyyətin Allaha aid olduğunu dərk etdirər. Gözəl, ağıllı, ya da qabiliyyətli bir insanla qarşılaşan möminlər onun bu xüsusiyyətlərindən çox zövq alarlar, amma bütün bunların əsl qaynağının, əsl yaradıcısının Allah olduğunu da unutmazlar. Bu səbəblə, bu xüsusiyyətlərdən aldıqları zövq insanlara qarşı müstəqil bir sevgi meydana gətirməz. Əksinə, ürəklərində yenə Allaha qarşı dərin bir hörmət və dərin bir sevgi meydana gələr.

Dərin imana sahib olmayanların isə Allah sevgisində zəiflik olduğu görünür. Əslində, bu insanlar özlərini yaradan və həyat verənin, hər yerdə onları qoruyan, saysız nemətləri onlara bağışlayanın Allah olduğunu bilirlər. Ancaq həyatlarının böyük bir hissəsində bu həqiqəti unudur və ya nəzərə almadan yaşayırlar. Allahın yaratdığı varlıqların Allahdan müstəqil bir gücə sahib olduqlarını zənn edirlər. Bu səbəblə də bu varlıqlara Allahdan müstəqil bir sevgi duyurlar. Quranda bu insanların vəziyyəti belə xəbər verilir:

İnsanlardan elələri də vardır ki, Allahdan qeyrilərini (Ona) tay tutur, onları da Allahı sevdikləri kimi sevirlər. İman gətirənlərin isə Allaha olan sevgisi daha güclüdür... (Bəqərə surəsi, 165)

Bir başqa ayədə kamil iman sahibləri ilə bu insanlar arasındakı fərq belə açıqlanmışdır:

Allah iman gətirənlərin himayədarıdır, onları zülmətlərdən nura çıxarır. Kafirlərin dostları isə tağutlardır, onları nurdan zülmətə salarlar. Onlar od sakinləridirlər və orada əbədi qalacaqlar. (Bəqərə surəsi, 257)

 

Allahdan başqa ilah qəbul etməzlər

... Onlar Mənə ibadət edir və heç nəyi Mənə şərik qoşmurlar... (Nur surəsi, 55)

Kamil iman sahiblərinin imanları ağıl və vicdana əsaslanan möhkəm bir imandır. Bu səbəblə, onlar ayələrdə ifadə edildiyi kimi, heç bir şübhəyə qapılmadan iman edərlər. Allahı bütün ucalığı və böyüklüyü ilə qavradıqları üçün Ona bənzər başqa bir ilah olmadığını qəbul edərlər. İnananların yol göstəricisi olan Quranda bu həqiqət belə xəbər verilir:

Allah, Ondan başqa ilah yoxdur, (əbədi) yaşayandır, (bütün yaratdıqlarının) Qəyyumudur. Onu nə mürgü, nə də yuxu tutar. Göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Onun izni olmadan Onun yanında kim havadarlıq edə bilər? O, (məxluqatın) gələcəyini və keçmişini bilir. Onlar Onun elmindən, Onun istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun kürsüsü göyləri və yeri əhatə edir. Bunları qoruyub saxlamaq Ona ağır gəlmir. O, ucadır, uludur. (Bəqərə surəsi, 255)

 

Bununla bərabər, insanlardan bəziləri də Allahın varlığına iman etməklə bərabər, bəzi dünyəvi varlıqların da güc sahibi olduğuna inanır və bunları özlərinə ilah olaraq qəbul edirlər. Ancaq bu varlıqlardan bəhs edərkən ağıla yalnız keçmiş əsrlərdəki bütpərəstlərin tapındıqları daşdan, taxtadan oyma heykəllər, ya da primitiv qəbilələrin, batil dinlərin ortaya atdığı saxta ilahlar gəlməməlidir. Dövrümüzdəki cəmiyyətdə insanların özlərinə ilah etdikləri adı qoyulmamış maddi-mənəvi bir çox şey vardır.

Bir insanın Allahdan başqa hər hansı bir varlığı məmnun etməyə çalışması, bu varlığın ona kömək etməyə güc yetirə biləcəyini zənn etməsi, həyatını o varlığın istəkləri istiqamətində tənzimləməsi onu ilah etməsi kimi təyin oluna bilər. Məsələn, bəzi insanlar pul, gözəllik, etibar, mövqe əldə edə bilməyi, ya da öz nəfslərinin istəklərini yerinə yetirməyi həyatlarının yeganə məqsədi halına gətirirlər. Bu insanlar əsl məqsədlərini, yəni Allahın rizasını və cənnətini qazanmağı unudurlar. Məhz bu insanlar Allahdan başqa ilah qəbul edən kəslərdir.

Kamil iman sahiblərinin fərqi də bu mərhələdə ortaya çıxır. Çünki onlar bu insanların tam əksinə, dilləri ilə söylədikləri kimi, ürəkləri ilə də Allahdan başqa bir ilah olmadığını təsdiq edir və bütün həyatları ilə də bunu isbat edirlər. Onlar dini yalnız Allaha məxsus edərək iman edir və Ondan başqa bir ilah qəbul etmirlər. Allah bu səmimi qullarının xüsusiyyətlərini Quranda belə xəbər verir:

Tövbə edənlər, (əməllərini) islah edənlər, Allahdan möhkəm yapışanlar və öz dinlərini Allaha məxsus edənlər istisnadır. Bunlar möminlərlə birgə olacaqlar. Möminlərə isə Allah böyük mükafat verəcəkdir. (Nisa surəsi, 146)

Mövzular

Image 01

Müəllif haqqında

Hörmətli Adnan Oktarın həyatı və əsərləri haqqında buradan oxuya bilərsiniz.

Image 02

A9 tv

A9 tv-dəki bütün söhbət proqramları, birbaşa efiri və sənədli filmləri buradan izləyə bilərsiniz.

Image 03

Ayə axtar

Quranda ayə axtarma, Quran fihristi. Bu saytda siz Quranı rahat şəkildə incələyə biləcəksiniz.

Image 04

Hədislər

Peyğəmbərimizin (s.a.v) Quran əxlaqı, Axırzaman, İslam birliyi və.s haqqında qiymətli hədisləri.

Image 05

e - təhsil

Hörmətli Adnan Oktarın əsərlərindən faydalanılaraq hazırlanmış elektron təhsil saytı.