Kamil imanın nəsib etdiyi üstün əxlaq

Image 01

Həqiqətən də, sən böyük əxlaq sahibisən!
(Qələm surəsi, 4)

Allaha qəlbən iman edən hər insan Onun bütün əmrlərini qeyd-şərtsiz yerinə yetirər. Bunun nəticəsində də ortaya üstün bir əxlaq modeli çıxar. Məhz kamil iman sahibi olan möminin sahib olduğu Quran hökmlərinə itaət etməyin nəsib etdiyi bu üstün əxlaqdır.

İnsan gözəl və qiymətli olan bütün xüsusiyyətlərə ancaq Allahın hökmlərinə riayət etməklə sahib ola bilər. Allah Quranda doğruluğu, ədaləti, səbri, fədakarlığı, vəfanı, sədaqəti, dözümlülüyü, itaəti, təvazökarlığı, xoş münasibəti, şəfqəti, mərhəməti, qəzəbi məğlub etməyi və s. bir çox üstün əxlaq xüsusiyyətini əmr edir. Bunların əksinə olan bütün əxlaq pozuntularını açıq hökmlərlə qadağan edir.

Quranda təqdim edilən bu üstün əxlaqı yaşamaq isə insanın Allah qorxusunun şiddətindən, bu səbəbdən, vicdanının səsini dinləməsindən asılıdır. Çünki bir insan Allahdan nə qədər çox qorxsa və vicdanının göstərdiyi doğrulara nə qədər tabe olsa, Allahın hökmlərinə o qədər itaət edər. Buna zidd vəziyyətdəki adam isə Quran əxlaqını yaşamaqda stabillik göstərə bilməz. Allahın gözəl olaraq göstərdiyi əxlaqın bəzi xüsusiyyətlərini üzərində daşısa belə, mənfəətləri ilə zidd düşdüyü anda tam fərqli xarakter göstərə bilər.
Məhz bu məqamda imani yetkinliyə çatmış insanların üstünlüyü ortaya çıxar. Kamil iman sahibi gözəl əxlaq nümunələrini həyatının hər anında, əsla imtina etmədən, digər insanlardan qat-qat daha çox və üstün bir şəkildə göstərər. O, səbrin ən çoxunu, fədakarlığın ən gözəlini, təslimiyyətin ən mükəmməlini, Allah sevgisinin ən şiddətlisini yaşamağa cəhd göstərər. Bu səbəblə də digər insanlar içərisində əxlaqi xüsusiyyətləri ilə önə keçər. Qurandakı ifadə ilə desək, təqva sahiblərinə öndər olar.

Əlbəttə, hər müsəlman üçün əsas hədəf belə üstün bir əxlaqa sahib olmaqdır. Əksinə, insan özünə bir sərhəd çəksə, özünü yetərli görən bir mövqeyə düşər. Quranın bir çox ayəsində insana özünü heç bir mövzuda yetərli görməməsi lazım olduğu öyrədilir. Bir ayədə insanın özünü yetərli görmənin adamı azdıracağına, yoldan çıxaracağına diqqət çəkilir:

Xeyr! İnsan, doğrudan da, həddini aşır özünün ehtiyacsız olduğunu zənn etdiyinə görə.  (Ələq surəsi, 6-7)

 

Məhz bu səbəblə, Allaha və axirət gününə inanan hər kəs Quranda əmr edilən əxlaqı gücünün yetdiyinin ən çoxu ilə yaşamağı hədəf seçməlidir. Ancaq belə bir hədəfi olan cənnətə girməyi və sonsuz həyatını orada peyğəmbərlərlə, saleh möminlərlə, şəhidlik mövqeyinə çatmış və doğru sözlü insanlarla keçirməyi ümid edə bilər. Allah yalnız itaətin bu gözəl nəticəyə çatdıracağını xəbər vermişdir:

Allaha və Elçisinə itaət edənlər Allahın onlara nemət olaraq bəxş etdiyi peyğəmbərlərlə, sidq ürəkdən inananlarla, şəhidlərlə və əməlisalehlərlə birlikdə olacaqlar. Onlar necə də gözəl dostlardır. (Nisa surəsi, 69)

 

Bu hissədə Allahın əmr etdiyi üstün əxlaqı Quranda bildirilən detalları ilə araşdıracağıq. Ayələrin ifadəsi ilə desək, qurtulanlardan olmaq üçün insanın nə dərəcə yüksək şövq içində olmasını və səy göstərməsini açıqlayacağıq.

 

Kamil man sahibinin vicdanı

İnsan özünə daim pisliyi əmr edən bir səslə - nəfsi ilə birlikdə yaradılmışdır. Ancaq bu səsin yanında nəfsinə ilham olunan və ona pisliklərdən çəkinməyi təlqin edən, onu həmişə doğruya və yaxşıya çağıran, yanılmayan bir səs də vardır. Nəfsdəki bu doğruya yönəldən səsə vicdan deyilir. Allah insanın nəfsindəki bu iki xüsusiyyəti bizə ayələrdə belə tanıdır:

And olsun nəfsə və onu yaradıb kamilləşdirənə, ona günahları və (Allahdan) qorxmağı təlqin edənə! Nəfsini  təmizləyən uğur qazanmışdır. Onu  batıran isə ziyana uğramışdır. (Şəms surəsi, 7-10)

Ayədə ifadə edildiyi kimi, Allah insana nəfsinin pisliklərindən çəkinməyi ilham edir. Allahın bu ilhamı insanın vicdanı vasitəsilə olur. Bu səbəbdən, vicdan mömini doğruya, gözəl olana çağıran Allahın səsidir. Bu səbəblə də vicdan, eyni zamanda, kamil imanın açarıdır.

Kamil iman sahibləri həmişə bu səsə qulaq asırlar. Bu insanların vicdan anlayışı cəmiyyətin daxilində məlum olan vicdan anlayışından çox fərqlidir. Xalq arasında vicdan yalnız yoxsullara, yaşlılara kömək etmək, yardım aksiyalarında iştirak etmək kimi nümunələrlə ölçülür. Buna bənzər nadir hadisələrdən başqa, insanlar vicdanən hərəkət etməz və nəfslərinin nəzərdə tutduğu şəkildə bir həyat tərzi keçirərlər.

Vicdanlarından Quranda əmr edilən şəkildə istifadə edənlər yalnız kamil iman sahibləridir. Çünki onlar vicdanlarından həyatları boyunca hər zaman istifadə edərlər. Hədəfləri Allaha yaxınlaşmaq və Onun məmnuniyyətini qazanmaq olduğu üçün şərtlər nə olursa-olsun, günün iyirmi dörd saatı boyunca vicdanlarının səsinə qulaq asarlar. Nə yorğunluq, nə yuxusuzluq, nə də gündəlik həyatın qarışıqlığı onların bu səsi dinləmələrinə mane ola bilər. Ən çətin anlarında, ən təcili işlərində belə vicdanlarından gələn bir xəbərdarlıqla dərhal doğrunu görər və ən xeyirli olan rəftara yönələrlər.

Bu mövzunu daha yaxşı açıqlamaq üçün belə bir nümunə verə bilərik: günlərlə ağır bir işdə çalışdıqdan sonra ac, yorğun, yuxusuz və bəlkə də xəstə bir halda uzun bir səfərdən dönən mömin bir kimsəni düşünək. Bu ehtiyaclarını ödəmək üçün özünə vaxt ayırdığı zaman kömək tələb edən çətin vəziyyətdə qalmış bir insanla qarşılaşsa, heç bir tərəddüdə qapılmadan öz ehtiyaclarını bir kənara qoyaraq, bu kimsənin köməyinə tələsər. Əgər öz fiziki vəziyyəti buna əlverişli deyilsə, bütün imkanlarını bu adam üçün səfərbər edərək ona kömək edə bilən başqa insanlardan yardım istəyər. Və bu qədər çətin vəziyyətdə hər şeyi bir tərəfə buraxıb belə bir kömək etdiyi üçün də qarşı tərəfə əsla minnət etməz. Nə içində olduğu çətin vəziyyəti, nə də qarşı tərəf üçün etdiyi fədakarlığı dilə gətirər. Çünki o, bütün bunları yalnız və yalnız Allahın razılığını qazanmaq məqsədilə edir və bundan başqa da heç kimdən nə maddi, nə də mənəvi bir əvəz gözləyir. Bu insanların rəftarı Quranda belə bildirilir:

“Biz sizi yalnız Allahın üzü xatirinə yedirdirik və sizdən nə əvəzini, nə də  minnətdarlıq gözləyirik! Əslində, biz Rəbbimizdən gələ bilən çox kəskin və ağır bir gündən ehtiyat edirik!” (İnsan surəsi, 9-10)

 

Məhz kamil iman sahibinin vicdan anlayışı budur. Hər cür çətin vəziyyət və şəraitdə vicdanına uyar və etdiyi heç bir yaxşılıq üçün heç kimdən bir əvəz gözləməz. Allahın razı olmasının sevinci ona yetər.

Buna qarşı eyni nümunəni bir də kamil iman sahib olmayan bir kimsə üçün düşünək. Bu adam içində olduğu çətin və əlverişsiz şərtləri özü üçün bir bəhanə olaraq görər və vicdanının göstərdiyi yolu görməzlikdən gələr. Yuxusuzluq, yorğunluq, ya da aclıq kimi fiziki ehtiyaclarının olması rəftarlarının dəyişməsinə səbəb ola bilər. Bir anda dözümsüz, əsəbi və tərs bir insana çevrilə bilər. Belə bir vəziyyətdə nəinki kömək istəyən birinə kömək etmək, hətta özünə kömək etməyə çalışan yaxınlarına qarşı belə anlayışsız və tərs davranmağı təbii bir haqqı olaraq görə bilər. Əgər istisnalı bir vəziyyət olaraq qarşı tərəfə kömək etməyi qəbul etsə belə, bunu mütləq dilə gətirərək və qarşı tərəfi minnət altında buraxaraq edər.
Göründüyü kimi, kamil iman sahibi olan insanlarla olmayanların əxlaq və rəftarları arasında böyük bir uçurum vardır. Bu fərq həyatlarının hər anına əks olunar və eyni şəkildə, axirətdə alacağı əvəzlə  mütləq ortaya çıxacaq.

Kamil iman sahibinin səbri

Kamil iman sahibi olan adamın səbir etməyi yalnız çətinliklərə sinə gərmək şəklində məhdud bir anlayış içində qiymətləndirilməməlidir. Quranda xəbər verilən "Ey iman gətirənlər! Səbir edin, dözümlü olun..." (Ali-İmran surəsi, 200) ayəsinin hökmü ilə hər vəziyyətdə Quranın bütün hökmlərini nöqsansız və mükəmməl şəkildə yerinə yetirməkdə, qadağan edilən mövzulardan çəkinməyə maksimum diqqət göstərməkdə və hər vəziyyətdə ən ideal rəftar və davranışı, ən üstün əxlaqı göstərməkdə həyatı boyunca qorxmadan və zəiflik göstərmədən həmişə qətiyyət göstərər. Qısaca, Quranda təsvir edilən ideal mömin modelini yaşamaqda qətiyyətli davranaraq, heç bir şəraitdə və vəziyyətdə yorulmadan, usanmadan, zəiflik göstərmədən səbrini ortaya qoyar. Çünki gözəl əxlaq ancaq səy göstərildiyi zaman ortaya çıxar və kamil iman sahibləri də bu səylərində səbir edənlərdir.

Məhz bu səbəblə də səbir kamil iman sahibinin bütün həyatını əhatə edər, bütün hərəkət və davranışlarında əks olunar. Kamil iman sahibi Rəbbimizin "Sən təmkinlə səbir et!" (Məaric surəsi, 5) hökmü istiqamətində çox səbirli olar. Təvazökarlıqda səbir göstərər, ən təvazökar insan olar; Allah rizası üçün zəkatda səbir göstərər, ən comərd insan olar; öz nəfsini seçməməkdə səbir göstərər, ən fədakar insan olar.
Ən gözəl əxlaqı göstərən səbirlə əlaqədar Allah Quranda belə bir nümunə vermişdir:

Yaxşılıqla pislik eyni ola bilməz. Sən (pisliyi) yaxşılıqla dəf et! O zaman səninlə ədavət aparan kimsə sanki yaxın bir dost olar. Bu isə ancaq səbir edənlərə verilir və ancaq böyük qismət sahiblərinə nə­­sib olur. (Fussilət surəsi, 34-35)

Ayədən göründüyü kimi, Allah möminlərə bir pisliklə qarşılaşdıqlarında ən gözəl rəftarı göstərmələrini əmr etmişdir. Və bunu da ancaq səbir edənlərin bacara biləcəyini bildirmişdir. Bu nümunə gözəl əxlaq göstərməkdə səbrin nə qədər əhəmiyyətli bir rolu olduğunu açıq göstərir.

Kamil iman sahibinin bir xüsusiyyəti də bu gözəl əxlaq nümunələrini göstərərkən qarşılaşdığı mənfi kimi görünən heç bir hadisədə zəiflik və qərarsızlıq göstərməməsi və ya özünə bir nemət verildiyində də əsla təkəbbür göstərməməsidir.

Bir insan həyatının bəzi zamanlarında comərd, fədakar və ya son dərəcə təvazökar ola bilər. Və ya bir çətinliyə qarşı dözümlülük göstərə bilər. Ancaq insanın bu gözəl xüsusiyyətləri müəyyən vəziyyətlərdə tərk etməsi, özünə bəzi sərhədlər qoyması, "zəif damarı"nın olması, çətin anlarında gözəl davranışlarından vaz keçməsi, pis rəftar göstərməsi o günə qədər etdiklərinin də dəyərsiz qalmasına səbəb ola bilər. Çünki əhəmiyyətli olan təqlidi, saxta, səthi və ya keçici bir gözəl əxlaq deyil, heç bir şəraitdə vaz keçilməyən, şəxsiyyəti ilə inteqrasiya olunmuş, yerləşmiş bir quruluşdur. Allah bir ayədə "... Əbədi qalan yaxşı əməllər isə Rəbbinin dərgahında savab və ümid baxımından daha əfzəldir" (Kəhf surəsi, 46) şəklində bildirərək insanın ümumi xarakterinin bir hissəsi olan gözəl əxlaq və davranışların Öz qatında qiymətli olduğunu ifadə etmişdir.

Səbir möminin Allaha qarşı olan səmimiyyətinin və Ona yaxınlaşmaq üçün göstərdiyi cəhdin ən əhəmiyyətli göstəricilərindən biridir. Çünki insan ancaq səmimiyyəti, Allaha olan yaxınlığı nisbətində səbir göstərə bilər. Bu xüsusiyyətləri ən üst səviyyədə saxlayan kamil iman sahibləri də səbir göstərmədə yarışarlar. Bir fədakarlıq etmələri lazımdırsa, bunu ən gözəl şəkildə, əllərindəki imkandan ən yüksək dərəcədə istifadə edərək edərlər. Bir ayədə: "O kəslər ki, Rəbbinin üzünü diləyərək səbir edir…" (Rəd surəsi, 22) - deyə xəbər verilir. Bu insanlar bir çətinliklə qarşılaşsalar da, qətiyyən ruhən çətinlik və təvəkkülsüzlük yaşamadan Allahdan kömək diləyərlər.

Xalq arasında səbir dözüm ilə qarışdırılır. Halbuki, kamil iman sahibinin yaşadığı səbrin dözüm anlayışı ilə heç bir əlaqəsi yoxdur. Çünki dözmək xoşuna gəlməyən, ağrılı-acılı  bir vəziyyət qarşısında zəruri bir dözmə, ya da könülsüz bir gözləmə halıdır. Allah üçün göstərilən səbir isə bir çətinlik qaynağı deyil, böyük bir zövq və xoşbəxtlik vəsiləsidir. Kamil iman sahibi olan mömin Allahın rizasını qazanmaq məqsədilə səbir edər, bu səbəbdən, səbrindən ötrü çətinliyə qapılmaz, əksinə, bundan mənəvi həzz duyar, Allahın bu səbrin əvəzində vəd etdiyi nemət və gözəllikləri ümid edərək böyük sevinc duyar. Allah səbrin iman etməyənlər üçün çətinlik verən bir vəziyyət olduğunu bir ayədə belə xəbər verir:

Səbir etmək və namaz qılmaqla (Allahdan) kömək diləyin! Həqiqətən, bu, (Allaha) itaət edənlərdən başqa (hamıya) ağır gəlir. (Bəqərə surəsi, 45)

 

Kamil imanlı bir möminin səbri o qədər dərindir ki, xilas olmaq istədiyi hər hansı bir problemdən qurtulmadıqda və ya istədiklərinə çata bilmədikdə belə səbrində və tələbində yenə dəyişiklik olmaz. Çünki hər şeyin Allahın idarəsində olduğunu və səbrinin əvəzini axirətdə artıqlaması ilə alacağını bilir. Buna görə, qarşısına çıxan hər hadisədə Allahdan həmişə razıdır, Onun sonsuz şəfqət və mərhəmətinə iman edər, Ona güvənər. Əgər Allah onun istədiyi bir şeyi dərhal vermirsə, mütləq bunda daha böyük bir xeyir və gözəlliyin olduğunu bilir. Çünki Allah bütün dualara cavab verən və səbir edənə də əvəzini verəndir, vədi haqdır. Bir ayədə bildirildiyi kimi: "... Allahdan daha doğru (söyləyən) kim ola bilər?" (Nisa surəsi, 87). Bunu dərk edən mömin belə düşünür: bəlkə Allah ona istədiyindən çoxunu verəcək, lakin əvvəlcə onu yetkinləşdirir, bəlkə də onun rəftarını və Özünə olan bağlılığını sınayır. Möminlərin Allaha olan bu təslimiyyətləri Quranda belə bildirilmişdir:

O kəslər ki, onlara bir müsibət üz verdikdə: “Biz, Allaha məxsusuq və Ona da qayıdacağıq!” - deyirlər. (Bəqərə surəsi, 156)

Belə ki, Allah onları sınayacağını bildirərək, möminlərə qarşılarına çıxan çətinliklərə qarşı səbir etmələrini tövsiyə etmiş və bunun xeyirlə nəticələnəcəyini də müjdələmişdir:

Bizi sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq. Səbir edənlərə müjdə ver. (Bəqərə surəsi, 155)

Mömin ömrü boyunca gözəl bir səbir göstərər. "Rəbbin üçün səbir et!" (Muddəssir surəsi, 7) hökmünə həyatının hər anında itaət edər. Sonunda isə Allaha qovuşar və Allah onu razılığı və cənnəti ilə mükafatlandırar. Cənnətin qapısındakı mələklər gələn möminlərə belə səslənərlər:

“Səbir etdiyinizə görə sizə salam olsun! Axirət yurdunuz necə də gözəldir!”
(Rəd surəsi, 24)

Kamil iman sahibinin mərhəmət anlayışı

Sonra isə o, iman gətirən, bir-birinə səbir və mərhəmət tövsiyə edənlərdən olmaqdır.  (Bələd surəsi, 17)

Quranda xəbər verilən "Sən bir hənif kimi üzünü dinə tərəf çevir! Allahın insanlara – xəlq etdiyi (şüurlu) məxluq kimi verdiyi fitrət budur...." (Rum surəsi, 30) ayəsində açıqlandığı kimi, insanın fitrəti din əxlaqını yaşamaqdan zövq alacaq və ancaq bu şəkildə rahat olacaq şəkildə yaradılmışdır. Bu səbəblə, Quranda tövsiyə edilən şəfqət və mərhəmət hissləri kamil iman sahiblərinin heç bir çətinlik çəkmədən imanlarının təbii bir nəticəsi olaraq sahib olduqları bir əxlaqdır. Allah Quran əxlaqını yaşayan mömin qullarının üzərində Rauf (çox əsirgəyən, çox acıyan) və Rəhman adlarını təcəlli etdirir. Çünki Allah mərhəmətlilərin ən mərhəmətlisi, sonsuz şəfqət sahibidir. Quranda bir çox ayə ilə Allahın sonsuz şəfqətinə və mərhəmətinə diqqət çəkilmişdir:

... Çünki (Allah) onlara (müsəlmanlara) qarşı şəfqətlidir, rəhmlidir.
(Tövbə surəsi, 117)

... O, rəhm edənlərin ən rəhmlisidir. (Yusif surəsi, 92)

… Həqiqətən, Allah insanlara şəfqətlidir, mərhəmətlidir.  (Həcc surəsi, 65)

Məhz bu əxlaqı üzərilərində daşıyan kamil iman sahibləri insanlara qarşı şəfqətli və mərhəmətlidirlər. Ancaq onların mərhəmət anlayışı xalq arasında məşhur olan mərhəmət anlayışından çox fərqlənir. Onların mərhəməti Allahın mərhəmətinin bir təcəllisi olduğu üçün Allahın rizasına və Qurana uyğun bir mərhəmət şəklidir. Mərhəmətlərində ölçü götürdükləri yeganə yol göstərici Qurandır. Qurandan başqa bir sistemin ölçülərini özündə əks etdirən bir mərhəmət anlayışının da şeytani bir mərhəmət olacağını bilirlər.
Onlardan kömək istəyən bir kimsənin bu köməkdən xeyir yolundamı, yoxsa Allahın bəyənmədiyi bir yoldamı istifadə edəcəyi onlar üçün əhəmiyyətli bir ölçüdür. Əgər bu kömək xeyir üçün istənirsə, mərhəmətləri dövrəyə girər və maddi-mənəvi hər cür köməyi edərlər. Ancaq eyni şəraitdə olduğu halda, əldə etdiyi köməkdən haram bir hərəkət üçün istifadə edəcək birinə yardım etməyi qəbul etməzlər. Allahın bəyəndiyi əsl mərhəmət də budur. Bir adamı Allahın bəyənmədiyi bir rəftardan çəkindirib düz yola çatdırmaq, dünyada qavraya bilməsə belə, axirətdə anlayacağı və çox şükür edəcəyi bir yaxşılıq və mərhəmət şəklidir.

Bundan başqa, möminlər şəfqət və mərhəməti əsas hədəfləri dinə müxalif çıxan inkarçılara qarşı göstərməzlər. Quranda bu mövzuda verilən ölçü isə ayədə belə bildirilmişdir:

Muhəmməd Allahın elçisidir. Onunla birlikdə olanlar kafirlərə qarşı sərt, öz aralarında isə mərhəmətlidirlər... (Fəth surəsi, 29)

İnananlar ancaq Allaha könüldən bağlı kəslər olan möminlərə mərhəmət edərlər. İnkarçılara qarşı isə son dərəcə sərt və qərarlı xarakter göstərər və mərhəmət adı altında əsla  zəifliyə düşməzlər. Çünki belə bir rəftar yuxarıda açıqladığımız kimi, şeytanı bir mərhəmət anlayışı olar. Allah onların möminlərə qarşı rəftarının "Əgər onlar sizi ələ keçirsələr, sizə düşmən kəsilər, əlləri və dilləri ilə sizə pislik edər və sizin kafir olmanızı istəyərlər" (Mumtəhinə surəsi, 2) şəklində olduğunu bildirmişdir. Bu vəziyyətdə düşmənliklərini göstərmək üçün fürsət axtaran belə insanlara mərhəmət göstərməyin ağıllı bir rəftar olmayacağı da məlumdur.

Bununla bərabər, inananların möminlərə göstərdiyi mərhəmət və şəfqət isə dünyada  bənzəri görülməmiş  əxlaq nümunəsidir. Bu mərhəmət onlara özü ilə bərabər fədakarlığı, incə düşüncəni, bağışlayıcı olmağı, sevgi və hörməti də gətirir. Kamil iman sahibləri qarşılarındakı adamın maddi-mənəvi hər cür ehtiyacının o söyləmədən fərqinə varar, duyduqları dərin şəfqət səbəbi ilə ona dərhal kömək etməyə çalışarlar. Bu mövzuda səy göstərməkdən  heç bir şəkildə usanmazlar. Şübhəsiz ki, hər mövzuda olduğu kimi, bu mövzuda da möminlərə ən gözəl nümunə peyğəmbərlərin rəftarıdır. Ayədə Peyğəmbərimizin (s.ə.v) müsəlmanlara qarşı duyduğu şəfqət və mərhəmət belə izah edilmişdir:

Sizə özünüzdən elə bir Elçi gəldi ki, sizin əziyyətə düşməyiniz ona ağır gəlir. O, sizə qarşı qayğıkeş, möminlərə şəfqətli, rəhmlidir. (Tövbə surəsi, 128)

 

Ayədən də göründüyü kimi, Peyğəmbərimizin (s.ə.v) şəfqəti imanı ilə düz mütənasib olaraq o qədər çoxdur ki, Allah möminlərin hər hansı bir mövzuda çətinliyə düşmələrinin ona ağır gəldiyini bildirmişdir. Məhz kamil iman sahiblərinin özlərinə hədəf etdikləri mərhəmət anlayışı da budur.

Kamil iman sahibinin fədakarlığı

Bir insanın heç bir əvəz gözləmədən qarşısındakı insanlar üçün fədakarlıq etməsi ancaq Allahdan qorxması və axirətə inanması ilə mümkün olar. Çünki bu insanlar dünya həyatında göstərdikləri maddi-mənəvi hər cür cəhdin əvəzini Allahdan gözləyirlər. Məhz bu səbəblə də cahiliyyə insanlarının əksinə, kamil iman sahibləri hər mövzuda hamıya qarşı üstün fədakarlıq nümunələri göstərə bilirlər.

Cahiliyyə cəmiyyətində isə insanların böyük hissəsi incə  fədakarlıq anlayışından uzaq olurlar. Bunun ən böyük səbəbi din əxlaqından uzaqlaşmalarından qaynaqlanan eqoist olmalarıdır. Hər kəs birinci öz mənfəətini düşünür, digər insanların ehtiyacları isə ikinci planda olur.

Halbuki, əsl imana sahib bir adamın əxlaqı və rəftarı bu insanlardan tamamilə fərqlidir. Bu insanların ən əhəmiyyətli xüsusiyyətlərindən biri nəfslərinin eqoist həvəslərindən xilas olmalarıdır. Çünki ancaq nəfsinin hədsiz istəklərini məğlub edən, onu idarəsi altında tutan mömin digər möminlərə qarşı fədakar və incə düşüncəli davrana bilər. Belə ki, kamil iman möminlərin lazım gəldikdə öz haqlarından da imtina edərək digər mömin qardaşlarını özlərindən daha üstün tutduqları bir əxlaqı gətirər. Əsl iman, həqiqi təslimiyyət və həqiqi vicdan da budur. Bu mövzu ilə əlaqədar Quranda belə bir nümunə verilmişdir:

Əvvəl yurd salmış və iman gətirmiş kimsələr öz yanlarına hicrət edənləri sevir, onlara verdiklərinə görə qəlblərində peşmançılıq hissi duymurlar. Hətta özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tuturlar. Nəfsinin tamahından qorunan kimsələr nicat tapanlardır. (Həşr surəsi, 9)

 

Ayədə bu şəxslər ehtiyac içində olsalar da, mömin qardaşlarının ehtiyac və istəklərini özlərininkindən üstün tutarlar. Göstərdikləri bu əxlaq yalnız müəyyən hadisələrdə ortaya çıxmır, bu bütün həyatlarına hakim olan bir rəftardır. Ən ac, yuxusuz, yorğun, qısacası fiziki baxımdan ən çətin vəziyyətdə olduqlarında belə heç bir tərəddüd etmədən birinci növbədə digər möminlərin ehtiyacını ödəyərək öz ehtiyaclarını ikinci plana ata bilirlər. Və bundan ötrü heç bir zaman çətinlik duymaz, heç bir zaman fədakarlıq etmək üçün qarşı tərəfi minnət altında qoymazlar.

Cahiliyyə əxlaqına malik olan insanlar zəruri olaraq bir fədakarlıq etdikləri zaman mütləq qeyri-məmnun olduqlarını bildirərlər. Ya ibarəli bir sözlə, ya tərs bir baxışla, ya da çirkin bir rəftarla daxilən duyduqları qəzəbi və dözümsüzlüyü hiss etdirərlər. Halbuki, əsl imana sahib olan bir insan heç vaxt qarşı tərəfin, əslində, onun üçün böyük bir fədakarlıq etməyini anlaması üçün tərs davranmaz. Əksinə, bunu qarşı tərəfə mümkün olduqca hiss etdirməməyə çalışaraq haqlarından keçərlər. Çünki onun üçün etdiyi gözəl rəftarı yalnız Allahın bilməsi kifayətdir. Bəzən qarşı tərəf fədakarlıq etdiyinin fərqinə belə varmaz.

 

Kamil iman sahibinin təvazökarlığı

… Sizin tanrınız tək olan İlahdır. Yalnız Ona itaət edin. Sən müti olanlara müjdə ver. (Həcc surəsi, 34)

Quran əxlaqında təvazökarlıq insanın Allaha qarşı aciz bir qul olduğunu bilməsi və bütün həyatını və davranışlarını bu istiqamətdə yönəltməsidir. Allahı təqdir edə bilən bir mömin üçün bunun əksi mümkün deyil. Çünki Allahdan başqa ilah yoxdur. Hər şeyi yaradan, öldürən və sonra yenidən dirildəcək olan, hər işi idarə edən Odur. Ondan başqa qüvvə sahibi yoxdur. O, hər şeyi əhatə edən, hər şeyə gücü yetən, qədəri (taleyi) yaradan, hər şeyi eşidən və görən, hər şeydən xəbəri olandır. Allah bütün nöqsanlardan uzaq və heç bir şeyə ehtiyacı olmayan, daim diri olan, yanılmayan, unutmayandır.

İnsan isə heç bir şeyi yaratmağa gücü çatmayan, üstəlik, özü yaradılmış olan və Allahın ona öyrətdiyindən başqa heç bir məlumatı olmayan aciz bir varlıqdır. Hər an ehtiyac içindədir və Allahın ona an-an verdiyi minlərlə nemətə möhtacdır. Bunlardan biri belə olmadığında acizliyə və çətinliyə düşər. Ancaq Allahın verdiyi ruzi ilə həyatını davam etdirə bilən, qüsurlu bir varlıqdır.

Belə üstün, bənzərsiz və tək olan Allahın böyüklüyü qarşısında bu qədər böyük acizliklər içərisində olan insanın təvazökarlıq xaricində bir əxlaq göstərməsi hər şeydən əvvəl yaradılışına ziddir. Bu səbəblə, kamil iman sahibləri həyatlarının hər anını acizliklərini bilərək keçirirlər. Məhz bu şüur da onlara təbii olaraq təvazökar davranış qazandırır. Bu təvazökarlıq onların üzlərindən, baxışlarından, danışıqlarından aydın olduğu qədər digər bütün əxlaq xüsusiyyətlərində də özünü göstərir. Məsələn, ancaq təvazökar insan özünə verilən öyüdləri nəzərə alar. Möminlərin verdiyi hər cür tövsiyə və tənqidə açıqdır. Belə ki, dərin iman sahibi bir adam diqqətlə tətbiq etdiyini düşündüyü bir mövzuda belə özünə bir öyüd verildiyində, heç bir etiraz etməz və deyildiyi kimi, daha yaxşısını etməyə çalışar. Tamamilə haqlı olduğu bir mövzuda haqsız olduğu deyilsə belə, bunu da anlayışla qarşılayar. Və hz. Yusif kimi belə deyər:

Mən özümə bəraət qazandırmıram. Çünki Rəbbimin rəhm etdiyi kəs istisna olmaqla, nəfs  pis işləri əmr edər... (Yusif surəsi, 53)

 

Belə bir təvazökar anlayış adamın özünü yetərli görməsini və nə qədər ağıllı olursa-olsun ağlını bəyənməsinə mane olduğu üçün onun hər zaman daha yaxşıya və daha mükəmmələ doğru irəliləyə bilməsini, eşitdiyi hər sözdən, aldığı hər öyüddən, hər tövsiyədən istifadə etməsini təmin edər.

Ağlını bəyənən və içində olduğu acizliyi unudub Allaha qarşı böyüklənən bir kimsə isə hər şeydən əvvəl yaradılışına zidd davranmış olar. Allah Quranda "…Allahın ayələri barəsində mübahisə edənlərin ürəklərində böyüklük iddiasından başqa bir şey yoxdur...." (Mömin surəsi, 56) hökmü ilə diqqət çəkmişdir. Allah bir başqa ayədə də böyüklənənləri sevmədiyini bildirmişdir:

İnsanlardan təkəbbürlə üz çevirmə, yer üzündə özünü darta-darta gəzib dolanma. Həqiqətən, Allah heç bir özündən razını, özünü öyəni sevmir.  (Loğman surəsi, 18)

 

Bu şəxslər necə yaradıldıqlarını, həm fiziki, həm də zehni cəhətdən Allahın qarşısında nə qədər böyük bir acizlik içərisində olduqlarını unutmuşlar. Bu rəftar isə Quranda şeytanın xüsusiyyəti olaraq izah edilir. Allah ilk insan olan hz. Adəmi yaratdığında bütün mələklərə ona səcdə etmələrini əmr etmiş, ancaq şeytan özünün insandan daha üstün bir varlıq olduğunu qarşıya qoyaraq səcdə etməyi inkar etmişdir. Quranda şeytanın bu çirkin rəftarı belə bildirilir:

Bir zaman sənin Rəbbin mələklərə belə demişdi: “Mən palçıqdan bir insan yaradacağam. Mən ona surət verib Öz ruhumdan üfürdüyüm zaman ona səcdə edin!” Mələklərin hamısı birlikdə səcdə etdi, yalnız iblisdən başqa! O, təkəbbür göstərdi və kafirlərdən oldu. (Allah) dedi: “Ey iblis! Sənə Mənim iki əlimlə yaratdığıma səcdə etməyə mane olan nə idi? Təkəbbür göstərdin, yoxsa böyüklərdən olmuşdun?” (İblis) dedi: “Mən ondan daha xeyirliyəm. Çünki Sən məni oddan, onu isə palçıqdan yaratdın!” (Allah) dedi: “Çıx oradan! Sən artıq  qovulmuşsan! Haqq-hesab gününə qədər lənətim sənin üzərində olacaqdır!”
(Sad surəsi, 71-78)

 

Məhz Allaha qarşı böyükləndikləri üçün insanlara qarşı da böyüklük göstərənlərin vəziyyəti budur. Bu insanlar özlərini çox bəyəndikləri və ağıllarından çox əmin olduqları üçün heç kimin sözünə etibar etməzlər. Hər zaman öz bildiklərini tətbiq edərlər. Bu da onların Quranda əmr edilən bir çox əxlaq xüsusiyyətini yaşaya bilməmələrinə səbəb olar. Allah Quranda "Ayələrimizi yalan sayıb onlara təkəbbürlüklə yanaşanlar isə od sakinləridirlər. Onlar orada əbədi qalacaqlar" (Əraf surəsi, 36) şəklində bildirmişdir. Allaha qarşı acizliklərini unudanlar və böyüklük göstərənlər cəhənnəmlə əvəz görəcəklər.
Kamil iman sahibləri isə bu rəftardan çəkindikləri üçün cənnətlə mükafatlandırılacaqlar:

Biz o axirət yurdunu yer üzündə təkəbbürlük etmək və fitnə-fəsad törətmək istəməyənlərə nəsib edirik. (Gözəl) aqibət müttəqilərindir. (Qəsəs surəsi, 83)

Kamil iman sahibinin əfvediciliyi

İnsan səhv etməyə uyğun bir varlıqdır. Dünyaya sınaqdan keçirilmək üçün gəlmişdir və ancaq Quran əxlaqını öyrəndikcə yetkinləşə, etdiyi səhvlərdən xilas ola və ancaq bu şəkildə üstün bir əxlaqa çata bilər. Belə ki, Quranda bildirilən tövbə ilə əlaqədar ayələr də insanın bu acizliyinin bir göstəricisidir. Allah yaradıcısı olaraq insanın bu acizliyini bilir və Quranda cəhalət səbəbi ilə səhv edən, fərqinə vardığında isə dərhal tövbə edib rəftarını düzəldənlərin səhvlərini bağışlayacağını bildirir:

Allah ancaq o kəslərin tövbələrini qəbul edir ki, onlar avamlıqları üzündən pis iş gördükdən sonra tezliklə tövbə edirlər. Allah onların tövbələrini qəbul edər. Həqiqətən, Allah biləndir, müdrikdir. (Nisa surəsi, 17)

İnsan ən gözəl şəkildə ağıllı və vicdanlı davranıb bütün səmimiyyəti ilə hərəkət edirsə və buna baxmayaraq, səhv bir rəftar edirsə, Allahın bağışlamasını ümid edə bilər. Allah bir çox ayədə bağışlayan, rəhmli olduğunu xəbər vermişdir. Bir ayədə belə deyilir:

Qullarıma xəbər ver ki, Mən bağışlayanam, rəhmliyəm. (Hicr surəsi, 49)

Allah edilən səhvləri bağışlayacağını bildirmişkən möminlərin bu insanları bağışlamamaları isə, əlbəttə, mümkün deyil. Bundan başqa, Allah bir çox ayədə möminlərə də eyni şəkildə rəhmli olmalarını tövsiyə etmişdir:

Sən bağışlama (yolunu) tut, yaxşı iş görməyi əmr et və cahillərdən üz döndər. (Əraf surəsi, 199)

 

Bu əxlaq üzərindəki kamil iman sahibləri möminlərə qarşı Allahın əmr etdiyi şəkildə bağışlayıcı bir rəftar göstərərlər. Şübhə yoxdur ki, bu, üstün bir vicdan əlamətidir. Çünki bir səhv edildiyində, xüsusilə də bu səhvdən ötrü maddi, ya da mənəvi bir zərər meydana gəldiyində, bağışlamaq insanların nəfslərinə çox ağır gəlir. Hətta əksinə, əsəbiləşərək hirslərini büruzə vermək və qarşı tərəfə etdiyinin əvəzini vermək istəyərlər. Halbuki, möminlər Allahın Quranda əmr etdiyi kimi qəzəblərini boğarlar.

İnananlar Allahın əmrinə müvafiq olaraq nəfslərinə uymaz və Quranın tövsiyəsinə riayət edərək bağışlama yolunu seçərlər. Bir səhvə yol verən adama edəcəkləri ən böyük yaxşılığın gözəl sözlə öyüd vermək və bu şəkildə səhvini göstərmək olduğunu bilərlər. Çünki bir ayədə "Sən xatırlat! Çünki xatırlatmaq möminlərə fayda verir" (Zariyat surəsi, 55) şəklində ifadə edilmişdir.

Bir başqa ayədə də Allah "... Qoy əfv edib bağışlasınlar. Məgər siz Allahın sizi bağışlamasını istəmirsinizmi? Allah bağışlayandır, rəhmlidir" (Nur surəsi, 22) şəklində buyurmuşdur. Mömin bir səhv etdiyi və bundan səmimi olaraq imtina etdiyi zaman bunun həm Allah qatında bağışlanmasını qəlbən arzu edər, həm də müsəlmanların onu bağışlamalarını istəyər. Və rəhmli bir rəftarla qarşılaşdığı zaman bunun Allahın böyük bir neməti və Allahın təmin etdiyi bir asanlıq olduğunu dərk edər. Bu səbəblə, kamil iman sahibləri özləri üçün tələb etdikləri bu bağışlanmağı qarşılarındakı insanlara da göstərərlər. Şübhəsiz ki, bu, eyni zamanda, Allahın məmnuniyyətini və rizasını qazanmağa da ən uyğun olan rəftardır:

... Lakin onları əfv etsəniz, (günahlarından) keçsəniz və bağışlasanız, (bilin ki,) Allah bağışlayandır, rəhmlidir. (Təğabun surəsi, 14)

Kamil iman sahibinin ədalət anlayışı

Həqiqətən, Allah ədalətli olmağı, yaxşılıq etməyi və qohum­­lara (haqqını) verməyi əmr edir, iyrənc işlər görməyi, pis əməllər törətməyi və azğınlıq etməyi isə qadağan edir. O, sizə öyüd-nəsihət verir ki, bəlkə, düşünüb ibrət alasınız. (Nəhl surəsi, 90)

Allah Quranda insanlara şərtlər nə olursa-olsun ədaləti qorumalarını əmr etmişdir:

Ey iman gətirənlər! Özünüzün və ya valideynlərin, ya da yaxın qohumların əleyhinə olsa belə, Allah şahidləri kimi ədaləti qoruyun. (Əleyhinə şahidlik edəcəyiniz şəxslərin) varlı və ya kasıb olmasından asılı olmayaraq, Allah onların hər ikisinə daha yaxındır. Hissiyyata qapılıb haqdan uzaqlaşmayın! Əgər siz (cəfəngiyat) danışsanız və ya (həqiqəti deməkdən) boyun qaçırsanız, bilin ki, Allah nə etdiklərinizdən xəbərdardır. (Nisa surəsi, 135)

Kamil imana sahib olan möminlər Allahın bu əmrini əskiksiz olaraq yerinə yetirərlər. Verəcəkləri qərarın nəticələri özlərinə, ya da ən yaxınlarına təsir etsə də, Allah üçün ədaləti qoruyarlar. Çünki onlar öldükdən sonra hesab verəcəklərini və bütün etdiklərinin qarşılarına çıxacağını, böyük-kiçik hər şeydən hesaba çəkiləcəklərini bilərlər. Bu səbəblə, dünyada heç bir mənfəəti axirətdə qazanacaqlarını ümid etdikləri Allahın rizasından və cənnətindən üstün görməzlər.

Səmimi möminlərin ən əhəmiyyətli xüsusiyyətlərindən biri özlərinə yarışıb önə keçənlərin yolunu seçmələridir. Bu səbəblə, hər işlərində Allahın ən çox razı olacağını ümid etdikləri rəftarı göstərərlər. Buna görə,  qohumluq əlaqələri və ya öz dünyəvi mənfəətləri onları ədalətli davranmaqdan saxlamaz. Çünki Allah bir Quran ayəsində belə əmr edir:

Həqiqətən, Allah sizə əmanətləri sahiblərinə qaytarmanızı və insanlar arasında hökm verərkən ədalətlə hökm vermənizi əmr edir. Allahın sizə verdiyi bu öyüd-nəsihət necə də gözəldir! Şübhəsiz ki, Allah eşidəndir, görəndir. (Nisa surəsi, 58)

 

Bir başqa ayədə isə Allah inananların düşmənçilik bəslədikləri şəxslərə qarşı da son dərəcə ədalətli davranaraq, təqvalarından vaz keçməmələrini əmr etmişdir:

Ey iman gətirənlər! Allah xatirinə ədaləti qoruyan şahidlər olun. (Hər hansı bir) camaata qarşı olan kin-küdurət sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun! Bu, təqvaya daha yaxındır. Allahdan qorxun! Şübhəsiz ki, Allah nə etdiklərinizdən xəbərdardır. (Maidə surəsi, 8)

 

Allahın hökmlərini yerinə yetirən kamil iman sahibləri bu xüsusiyyətləri ilə cahiliyyə cəmiyyətindən tamamilə fərqlənirlər. Çünki cahiliyyə sistemində qəzəb və kin duyulan bir kimsədən intiqam alma duyğusu hər zaman üstünlük təşkil edir. Vicdan kənarda qalır və insanın alacağı qərarlarda nəfsi hakim mövqe tutur. Nəfsdə olan qəzəb və hirs isə insanın ağlını və mühakimə qabiliyyətini sıradan çıxarır. Buna görə də insan ədalətli qərarlar verə bilmir.

Quranın ifadə etdiyi mənada bir ədalət anlayışı üçün isə insan hər şeydən əvvəl nəfsinin istəklərindən imtina etməli və vicdanının sözündən bir an olsun belə çıxmamalıdır. Hirsləndiyində qəzəbinə hakim olacaq bir iradəyə sahib olması və bunu hər an Quranın qoyduğu ölçülər daxilində düşünməsi vacib şərtdir.

Məhz kamil iman sahibləri bu xüsusiyyətlərin hamısına sahibdir. "... Sözsüz ki, Allah insaflıları sevir" (Hucurat surəsi, 9) ayəsinin hökmü ilə ədalətdən əsla üz çevirməzlər.

Kamil iman sahibinin haqqı tövsiyə etməsi

Qoy sizin içərinizdən xeyrə çağıran, yaxşı işlər görməyi buyuran və pis əməlləri qadağan edən bir camaat çıxsın. Məhz onlar nicata qovuşanlardır. (Ali-İmran surəsi, 104)

Allahın Qurandakı bu əmrinə kamil iman sahibləri tam olaraq riayət edərlər. Yaxşı işlər görməyi buyurub, pis əməllərə qadağa qoymaq anlayışı ölənə qədər bütün həyatlarına hakim olar. Yaxşı işlər görməyi buyurub, pis əməllərə qadağa qoymağın nə olduğunu isə, şübhəsiz, ən doğru olaraq Qurandan öyrənə bilərik.

Qurana görə yaxşılığı əmr etmək qarşı tərəfin hər şeydən əvvəl Allahı tanıması, Onu çox sevməsi və Ondan çox qorxmalı olduğunu bilməsini, axirətin qəti bir həqiqət olduğunu və Qurandan hesaba çəkiləcəyini qavramasını təmin etmək; vicdanını dinləməyə təşviq etmək, səmimiyyəti, sevgini, hörməti, şəfqəti, mərhəməti, xoş münasibəti, bağışlayıcılığı, fədakarlığı, qısacası, bütün Quran əxlaqını ən mükəmməl şəkildə yaşamasını təmin etməkdir. Əsl yaxşılıq budur. Çünki bu, qarşı tərəfin dünyada və axirətdə ən gözəl həyatı yaşamasını təmin edər və onun sonsuz bir əzabdan xilas olmasına vəsilə olar.

Pislikdən çəkindirmək isə adamın şeytana uymasına mane olmaq, nəfsinin eqoist istəklərindən arınmasını təmin etmək, onu səmimiyyətsizlikdən, ikiüzlülükdən, qürurdan, Allaha qarşı böyüklənməkdən, vicdansızlıqdan təmizləmək və Allahın razı olmayacağı bir rəftar etməsinə mane olmaqdır.

Məhz kamil iman sahiblərinin haqqı tövsiyə etmələri bu şəkildə baş verir. Allah bu şəxsləri Quranda belə təyin etmişdir:

Belələri Allaha, axirət gününə iman gətirir, yaxşı işlər görməyi buyurur, pis əməlləri qadağan edir və xeyirxah işlər görməyə tələsirlər. Məhz onlar əməlisalehlərdəndirlər.  (Ali-İmran surəsi, 114)

 

Onlar bu səylərinə görə heç kimdən bir şey istəməzlər. Onların yeganə hədəfləri Quranın əmrlərini yerinə yetirə bilmək və beləcə, Rəbbimizin rizasını qazana bilməkdir. Allah inananlara bu mövzuda peyğəmbərlərin əxlaqını nümunə göstərir. Allahın elçiləri tarix boyunca göndərildikləri bütün qövmləri xəbərdar edib qorxutmuş və onlara belə söyləmişlər:

Mən bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir. (Şüəra surəsi, 109)

 

Quranda bu mövzudakı bir başqa nümunə də hz. Musanın firona olan təbliğidir. Ayələrdə belə buyurulur:

O zaman Rəbbi onu müqəddəs Tuva vadisində səsləyib demişdi: “Fironun yanına yollan! O, həddini çox aşmışdır. De: “(Günahlardan) xilas olmaq istəyirsənmi? Səni Rəbbinə doğru yönəldimmi ki, (Ondan) qorxub çəkinəsən?” (Musa) ən böyük möcüzəni (firona) göstərdi. O isə yalan sayıb üsyankar olduğunu göstərdi. Sonra da üz döndərib (fəsad törətməyə) girişdi. O, (camaatını) toplayıb dedi: “Sizin ən uca rəbbiniz mənəm!” (Belə olduqda), Allah da onu dünya və axirət əzabı ilə yaxaladı. Həqiqətən, bunda (Allahdan) qorxanlardan ötrü işarə var. (Naziat surəsi, 16-26)

 

Ayələrdən göründüyü kimi, hz. Musa fironu Allaha iman etməyə dəvət etmiş, ancaq o, böyüklənərək Allaha qarşı üsyan etmişdir. Hz. Musanın bundan sonra üzərində bir məsuliyyət qalmamışdır. Onun vəzifəsi yaxşı işlər görməyi buyurub, pis əməllərə qadağa qoymaqdır.

Ancaq möminlərin təbliği yalnız inkarçıları dinə dəvət etməkdən ibarət deyil. Onlar müsəlmanların da həmişə daha yaxşıya yönəlmələri, daha gözəl davranışlar göstərmələri və səhvlərindən təmizlənmələri üçün təbliğ edərlər. Mömin qardaşlarına yaxşı işlər görməyi buyurub pis əməllərdən çəkindirərlər. Bir-birlərinin Allahın rizasını və cənnətin ən yüksək mövqelərini qazanmalarını istəyərlər.

Bu məqamda kamil iman sahiblərinin əhəmiyyətli bir xüsusiyyətinə diqqət çəkməkdə fayda vardır. Onlar din əxlaqını yalnız sözləri ilə təbliğ etməz, eyni zamanda, bütün həyatları ilə də bu əxlaqı göstərmiş olarlar. Saatlarla dostluğun, səmimiyyətin nə olduğunu izah etməyin əvəzinə, səmimiyyəti yaşayar və bu gözəl əxlaqı rəftarları ilə izah etmiş olarlar. Qarşılarındakı insanlar onların etdiyi bu rəftarla təbliğini gördüklərində səmimiyyətin nə olduğunu heç izah edilmədiyi halda, çox dəqiq bir şəkildə qavraya bilərlər. Bu, Quranda əmr edilən hər cür xüsusiyyət üçün etibarlıdır. Kamil iman sahibi fədakarlığı, təvazökarlığı, bağışlayıcılığı, ədaləti, mərhəməti, dürüstlüyü, qısacası, hər cür gözəl əxlaq xüsusiyyətini ətrafındakı insanlara yaşayaraq göstərər. Qarşı tərəfə əsl təsir edən də budur. Çünki fədakarlığın nə olduğunu uzun-uzadı izah etdiyi halda, bəzən bu rəftarı göstərməkdən çəkinən və hətta bəlkə də eqoist davranan bir kimsə, qarşı tərəfə səmimiyyətsiz olduğu təəssüratını bağışlayar və ona mənfi təsir edər.

Bunun yerinə izah edən və izah etdiyi şeyi bütün səmimiyyəti ilə yaşayan bir insanın qarşı tərəfin vicdanını qəti olaraq hərəkətə keçirəcəyi çox açıqdır.

 

Kamil iman sahibinin Allaha yönəlməsi

Qullarım səndən Mənim barəmdə soruşsalar, Mən (onlara) yaxınam, Mənə yalvaranın duasını yalvardığı vaxt qəbul edərəm. Qoy, onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər ki, doğru yola yönələ bilsinlər.
(Bəqərə surəsi, 186)

Allah hər yeri əhatə edən, insana şah damarından daha yaxın olan, eşidən və biləndir. Mömin bilir ki, içindən keçən bir düşüncə belə Allahdan gizli deyil. Səmimi olaraq Allahdan bir şey istəmək üçün insanın yalnız düşünməsi kifayətdir. Bu düşüncə sinələrdə gizli olsa belə, Allah onu eşidər və səmimi qullarının duasına mütləq cavab verər. Çünki Allah iman edənlərin dostu, qoruyucusu və köməkçisidir.

Qurana görə, dua insanın bütün səmimiyyəti ilə Allaha yönəlməsi və Onun sonsuz və sərhədsiz gücünə sığınaraq Ondan kömək diləməsidir. Gücü məhdud və sonlu bir varlığın sərhədsiz güclü bir qüdrət qarşısında acizliyini ortaya qoyaraq diləməsidir. Dua adamın Allahla bilavasitə əlaqəsidir. Ağlından keçirdiyi bütün düşüncələr, istəklər Allahla adam arasında gizli qalır. Bu səbəbdən, üçüncü bir şəxs tərəfindən bilinməsinə imkan olmayan bu ibadətdə nümayişə yer yoxdur. Tamamilə səmimiyyətə əsaslanan bir ibadətdir.

Allahın özlərinə hər kəsdən və hər şeydən daha yaxın olduğunu, bütün duaları eşitdiyini və bütün dualara cavab verdiyini ən dərindən hiss edən və yaşayanlar isə kamil iman sahibləridir. Çünki Allaha səmimi bir qəlblə yönələrlər və Onun böyüklüyünə qarşı özlərinin insan olaraq nə cür böyük bir acizlik içərisində olduqlarını bilərlər. Və yenə bilərlər ki, dualara cavab verən yalnız Allah`dır və insanı çətinlikdən qurtara bilən də yenə ancaq Odur.

Kamil iman sahibləri yalnız çətin və çarəsiz anlarda deyil, həmişə və hər vəziyyətdə Allaha yönələrlər. Çünki insanın həyatında Allaha möhtac olmadığı bir anın belə olmadığını bilirlər. Onlar dua etmək üçün çətinliklə qarşılaşmağı gözləməzlər. Çünki bu ibadətin, eyni zamanda, bir qulluq vəzifəsi və Allaha yaxınlaşmaq üçün əhəmiyyətli bir yol olduğunun fərqinə varmışlar. Bu da onları digər insanlardan ayıran ən əhəmiyyətli xüsusiyyətlərdən biridir. Ayədə yalnız çarəsizlik və çətinlikdə ikən Allaha yönələn, ancaq bu çətinlikdən xilas olduqda dərhal üz çevirənlərin əxlaqı belə ifadə edilmişdir:

İnsana bəla üz verdikdə uzananda da, oturanda da, ayaq üstə olanda da Bizi çağırar. Bu bəlanı ondan sovuşdurduqda isə sanki ona üz vermiş bəladan ötrü Bizi çağırmamış kimi çıxıb gedər. Həddi aşanlara etdikləri əməllər beləcə gözəl göstərildi. (Yunis surəsi, 12)

 

Kamil iman sahibləri isə nemət və rifah içərisində ikən də, çətinliyə düşdüklərində də Rəbbimizə yönələnlərdir. Çünki onlar "… Əgər yalvarmağınız olmasaydı, Rəbbim sizə diqqət yetirməzdi…" (Furqan surəsi, 77) ayəsini düşünüb qavrayanlardır.
Onlar dualarını da yenə Allahın Quranda təsvir etdiyi şəkildə edərlər. Bir ayədə belə buyurulur:

Səhər-axşam ürəyində yalvararaq və qorxaraq, səsini qaldırmadan Rəbbini yad et və qafillərdən olma. (Əraf surəsi, 205)

Rəbbinizə acizanə, həm də gizlicə dua edin! Şübhəsiz ki, O, həddi aşanları sevmir. (Əraf surəsi, 55)

Göründüyü kimi, Quranda duanın yalvararaq və için-için edilməsi bildirilir. Çünki Allah duada adamın səmimiyyətini ölçü götürür. Dua etdiyimiz Rəbbimiz bizim içimizdən keçirdiyimizi də, səsli olaraq söylədiyimizi də eşidən, biləndir. Quranın bu əmrinə uyan möminlər də o ankı səmimi rəftarları istiqamətində bəzən içlərindən, bəzən də səsli dua edərlər. Ancaq bu, heç bir zaman ətrafdakı insanlara eşitdirməyə və nümayişə istiqamətli bir dua deyil. Çünki Allah Quranda dini yalnız Allaha məxsus edərək dua etmənin əhəmiyyətinə belə diqqət çəkmişdir:

O, (əbədi) yaşayandır, Ondan başqa məbud yoxdur. (Allaha), dini yalnız Ona məxsus edərək, dua edin. Aləmlərin Rəbbi olan Allaha həmd olsun! (Mömin surəsi, 65)

 

Möminlərin dualarında diqqət çəkən bir başqa xüsusiyyət də Allahın varlığını hiss edərək dua etmələridir. Onlar dua edərkən yalnız istədikləri şeyləri deyil, Allahın vahidliyini, böyüklüyünü, sonsuz gücünü düşünərlər. Quranda belə əmr edilmişdir:

Rəbbinin adını zikr et və özünü tamamilə Ona həsr et! (Müzzəmmil surəsi, 8)

Kamil iman sahibləri Allahı ən gözəl adları ilə düşünərək dua edərlər. Allahın adları insanlara Onun xüsusiyyətlərini tanıdar. Allahın rəhmli, mərhəmətli, yol göstərici, qullarına qarşı çox şəfqətli olduğunu bilərək Ona səslənən möminlər Allahın yaxınlığını və rəhmətini daha çox yaxşı qavrayarlar. Belə ki, Quranda Allaha müxtəlif adlarla dua edilə biləcəyi belə ifadə edilmişdir:

Ən gözəl adlar Allahındır. Ona bu adlar vasitəsi ilə dua edin və Onun adları barəsində haqdan sapanları tərk edin. Onlar etdikləri əməllərin cəzasını alacaqlar. (Əraf surəsi, 180)

 

Hər mövzuda olduğu kimi, əlbəttə, bu mövzuda da inananlar üçün ən gözəl nümunələr peyğəmbərlərə aiddir. Quranda xüsusilə peyğəmbər dualarındakı dərin səmimiyyətə diqqət çəkilmişdir:

O dedi: “Ey Rəbbim! Məni bağışla və mənə elə bir səltənət ver ki, məndən sonra heç kimə nəsib olmasın. Həqiqətən, Sən bəxşedənsən.  (Sad surəsi, 35)

(Musa) dedi: “Ey Rəbbim! Məni və qardaşımı bağışla, bizi Öz mərhəmətinə qovuşdur. Sən rəhm edənlərin ən rəhmlisisən!” (Əraf surəsi, 151)

Möminlər, eyni zamanda, dualarında səbirli olanlardır. Ayədə onlara Allahdan Səbir etmək və namaz qılmaqla (Bəqərə surəsi, 45) kömək diləmələri bildirilmişdir. Bu səbir və dayanıqlılıq Allaha duyduqları etibardan və təslimiyyətdən qaynaqlanır. Mömin Allahın dualara qəti olaraq cavab verəcəyindən əmindir və "... Allahın mərhəmətindən ümidinizi üzməyin. Çünki Allahın mərhəmətindən ancaq kafir adamlar ümidlərini kəsər" (Yusif surəsi, 87) ayəsinə əsasən, əsla ümidini itirməz və səbirlə Rəbbimizə yalvarar.

Kamil iman sahiblərinin dua anlayışı belədir: Allahdan titrəyərək qorxar, ondan hörmət və səbirlə kömək diləyərlər. Bəzən heç kimin fərqində olmadığı bir anda, günün ağıla belə gəlməyəcək vaxtında, düşünmədikləri bir yerdə Allaha hörmətlə yalvarıb kömək diləyə bilərlər. Onlar gündəlik həyatın ən qarışıq və ən gərgin anlarında belə ürəklərində Allah qorxusu ilə Ona sığınar, Ona yalvarar və Ondan kömək diləyərlər. Və bilərlər ki, bu, onları Allaha yaxınlaşdıracaq, onlara Rəbbimizin rizasını və cənnətini qazandıracaq ən asan yoldur. Bu yaxınlığın hər an daha da artması üçün önlərində heç bir maneə yoxdur. Allah Quranda qullarından səmimi qəlblə Özünə yönəlmələrini istəyir. Ayələrdə belə buyurulur:

Cənnət müttəqilərə yaxınlaşdırılacaq, (onlardan) uzaqda olmaya­­caqdır. Budur sizə vəd edilən. O, hər bir (Allaha) üz tutan, (Onun əmrinə) riayət edən, mərhəmətli (Allahdan) (Onu) görmədən qorxan və (Allaha) yönəlmiş qəlblə gələn kimsələr üçündür.  (Qaf surəsi, 31-33)

 

Kamil iman sahiblərinin çətin anda göstərdikləri gözəl rəftar

Kamil iman sahiblərinin çətin anda göstərdikləri rəftarlarından əvvəl onların çətinliyi necə qəbul etmələrinə diqqət çəkməkdə fayda vardır. Onlar dünyanın xüsusi olaraq hazırlanmış bir imtahan məkanı olduğunu dərindən qavrayan insanlardır. Və onlar çətinlik anlayışının da, həqiqətən, iman edənlərlə ürəklərində xəstəlik olanların ayırd edilməsi üçün yaradıldığını bilənlərdir. Çətinlik onların səmimi olduqlarını isbat edə bilmələri baxımından əhəmiyyətli bir imkandır. Bu mənada çətinlik onlar üçün bilinən mənasından tam əks bir anlama, yəni nemətə çevrilir.

Bu sayədə, qarşılarına çıxan hər cür çətinlik qarşısında təvəkküllü davranarlar. Amma, əlbəttə, Allaha güclərinin yetə biləcəyindən artıq çətinlik yükləməməsi üçün də dua edərlər. Onların bu duası və Allahın razılığı belə bildirilir:

Allah hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər mükəlləf edər. Hər kəsin qazandığı (xeyir yalnız) onun özünə, qazandığı (şər də yalnız) öz əleyhinədir. “Ey Rəbbimiz, unutsaq və ya xəta etsək, bizi cəzalandırma! Ey Rəbbimiz, bizdən əvvəlkilərə yüklədiyin kimi, bizə də ağır yük yükləmə! Ey Rəbbimiz, gücümüz çatmayan şeyi daşımağa bizi vadar etmə! Bizi əfv et, bizi bağışla və bizə rəhm et! Sən bizim himayədarımızsan! Kafirləri məğlub etməkdə bizə yardım et!”
(Bəqərə surəsi, 286)

 

Allahın təqdiri ilə bir çətinliklə qarşılaşsalar, bunun gücləri çatdıqları bir sınaq olduğunu anlayar və bu hadisə qarşısında Allaha olan təslimiyyətlərini və təvəkküllərini ən gözəl şəkildə ortaya qoymağa çalışarlar. Çünki onlar çətinlik anında göstərdikləri rəftarla rifah zamanında göstərdikləri rəftarın Allah qatında məqbul olması baxımından bir olmadığını bilərlər. Allah bu mövzuda belə bir nümunə vermişdir:

Möminlərdən – üzrlülər istisna olmaqla – (evdə) oturanlarla Allah yolunda öz malları və canları ilə cihad edənlər eyni olmazlar. Allah öz malları və canları ilə cihad edənləri (evdə) oturanlardan dərəcə etibarilə üstün etdi… (Nisa surəsi, 95)

 

Göründüyü kimi, Allah çətin bir mühitdə Onun rizasını axtaranların səy göstərməyənlərdən dərəcə baxımından daha üstün olduqlarını ifadə etmişdir. Çünki burada nümunə göstərilən möminlərin çətin bir mühitdə bütün gücləri ilə din əxlaqına sarılmaları, şübhəsiz ki, onların imanlarının dərəcəsini göstərir. Halbuki, rahat bir mühitdə fədakarlıq edən insanların səmimiyyətlərindən əmin olmaq çətindir. İnsanları bu şəkildə çətinliklərlə sınamaq, Allahın doğru söyləyənlərlə yalançıları bir-birlərindən ayırd etməsinin bir yoludur.

Allahın möminləri çətinliklə sınamağının bir başqa hikməti də vardır. Çətinliyi dadan insanlar nemətlərin qiymətini çox daha yaxşı anlayır və çox daha şükür edici rəftar göstərirlər. Çünki çətinlik və acının insanın ruhunu yetkinləşdirən bir yönü də vardır. Allah bu şəkildə insanların dünyada yaxşı ilə pisin, bolluq ilə darlığın, rahatlıq ilə çətinliyin müqayisəsini etmələrini təmin edir. İnsanlar ancaq bu müqayisələr sayəsində özlərinə verilən maddi və mənəvi nemətlərin dəyərini anlayırlar. Daha da əhəmiyyətlisi, Allaha hər mövzuda nə qədər möhtac olduqlarını görür, Onun qarşısındakı acizliklərini qavrayırlar.

İnsanın dünyada nə cür çətinliklərlə sınana biləcəyi isə bir ayədə belə bildirilir:

Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq. Səbir edənlərə müjdə ver.  (Bəqərə surəsi, 155)

Bu ayəni bilən bir mömin çətinliklərlə hələ qarşılaşmadan əvvəl özünü bu vəziyyətə  hazırlayar və nə olursa-olsun səbir və təvəkküldə qətiyyət göstərəcəyinə, Rəbbimizə sadiq qalacağına dair Allaha söz verər. Bu gözəl rəftar onun kamil imanının gərəyidir. Qarşılaşdığı şey qorxu, aclıq, kasıblıq, yaralanma, hətta ölüm belə olsa, Allahdan razı olmağa və şükür edici rəftar göstərməyə qəti qərarlıdır. Və bilər ki, bütün bunlar onu Allaha daha da yaxınlaşdıracaq və Onun sonsuz cənnətində yaşamasına vəsilə olacaq. Bir ayədə belə bildirilmişdir:

Doğrudan da, Allah möminlərdən cənnət müqabilində onların canlarını və mallarını satın almışdır. (Çünki) onlar Allah yolunda vuruşub öldürür və öldürülürlər. (Bu, Allahın) Tövratda, İncildə və Quranda Öz öhdəsinə götürdüyü bir vəddir. Allahdan daha yaxşı əhdini yerinə yetirən kimdir? Elə isə sövdələşdiyiniz alış-verişə görə sevinin. Məhz bu, böyük uğurdur. (Tövbə surəsi, 111)

 

İmani yetkinliyə çatmış mömin bilir ki, cənnət kimi böyük bir mükafat yalnız "iman etdik" deməklə qazanılmaz. Allah bunu Quranda belə bildirmişdir:

İnsanlar elə güman edirlər ki, təkcə: “İman gətirdik!” – demələri ilə onlardan əl çəkiləcək və onlar imtahan edilməyəcəklər? Biz onlardan öncəkiləri də sınaqdan keçirmişdik. Sözsüz ki, Allah doğru danışanları da, yalançıları da aşkara çıxardacaqdır. (Ənkəbut surəsi, 2-3)

 

Yenə bir başqa ayədə Allah bu əhəmiyyətli həqiqətə belə diqqət çəkir:

Yoxsa sizdən əvvəl gəlib-keçənlərin halı başınıza gəlmədən cənnətə girəcəyinizimi sandınız? Onlara elə bir yoxsulluq, elə dözülməz bir çətinlik çatdı və elə sarsıldılar ki, sonunda elçi bərabərindəki möminlərə: "Allahın köməyi nə vaxt?" - deyirdi. Diqqət yetirin, şübhəsiz, Allahın köməyi çox yaxındır.
(Bəqərə surəsi, 214)

Bütün bu ayələr göstərir ki, gəlmiş-keçmiş bütün insanlar Allahın dünya üçün yaratdığı qanunların bir gərəyi olaraq bu çətinliklərlə qarşılaşmışlar. Onlar da mal və canlarından azaldılaraq sınanmış, onlar da inkar edənlərin təzyiq və zülmləri ilə qarşılaşmış və aralarındakı möminlərlə səmimiyyətsizlərin fərqi bu şəkildə ortaya çıxmışdır. Bu səbəblə, mömin Quranı öyrəndiyi andan etibarən ayələrdə ifadə edilən bütün bu hadisələrə qarşı hazırlıq görər. Ancaq bilər ki, imtahanın şərtlərinə uyğun olaraq qarşılaşacağı hadisələr peyğəmbər dövründəki şərtlərlə eyni olmaya bilər. Dövrümüzdə bu çətinliklər fərqli şərtlər altında qarşımıza çıxa bilər.

Kamil iman sahibinin imani hazırlığı qarşısına çıxan hadisələri ayırd etmədən hamısının  sınaq olduğunu bilməsini tələb edir. Qarşılaşacağı çətinlik qorxu, aclıq, mallarının azalması və canına gələcək zərər ola biləcəyi kimi, gündəlik həyatda qarşılaşacağı sınaq da ola bilər. Məsələn, bəzən ən çətin görünən şərtlər üst-üstə gələ bilər. İnsan heç gözlənilməz bir zamanda yaxınını itirə bilər. Həmin günlərdə bir tərəfdən də maddi çətinliklə qarşılaşa bilər. Bütün bunların üstünə bir də ağır xəstəliyə tutula bilər. Hətta bu vəziyyəti fürsət bilən şeytan da müxtəlif yollardan vəsvəsə verərək ona yaxınlaşmağa çalışa bilər. Məhz bu zamanda bir mömin ondan kömək istəyə bilər. Kamil iman sahibinin rəftarı hər zaman Allahın bəyəndiyi əxlaqa uyğun olar. Bütün çətinlik, yorğunluq və xəstəliklərə baxmayaraq, bu halını qarşı tərəfə heç bir şəkildə hiss etdirməz. Və ona ən gözəl üz ifadəsi ilə, ən rahatladıcı səs tonu ilə və əlindən gələn ən yaxşı rəftarla köməkçi olmağa çalışar.

Kamil iman sahibi olan mömin bütün bu səbir və bu gözəl əxlaqı Allaha olan sevgisinə, hörmətinə, qorxusuna və Ona olan təslimiyyətinə görə göstərir.

Burada verdiyimiz nümunə bir möminin həyatı boyunca dəfələrlə qarşılaşa biləcəyi hadisələrdən yalnız biridir. Ancaq izah etməyə çalışdığımız budur: nə qədər çox çətinlik üst-üstə gəlirsə-gəlsin, kamil iman sahibi rəftar və danışığında gözəl əxlaqından əsla çəkinməz. Başına gələn hər cür çətinliyin Allahın izni ilə başına gəldiyini bildiyindən çarəni və qurtuluşu yenə Allahdan ümid edər. Onsuz da dünyada az bir zaman qalıb gedəcək. Əsas olan burada hər vəziyyət və şəraitdə gözəl səbir göstərib Allahın istədiyi və bəyəndiyi əxlaqı yaşamaq və Onu razı etməkdir.

Nəticədə, dünya həyatında hər şey gəlib keçicidir. Əhəmiyyətli olan isə insanın bu gəlib-keçən hadisələrlə imtahan verdiyini unutmaması və bu imtahanın nəticəsində də sonsuz həyatın özünü gözlədiyini bilməsidir. Çünki insanların əsl yurdu axirətdir. İnsan dünyada ən böyük acı və çətinliyi yaşasa da, bütün bunlar mütləq keçəcək və ya ölümlə sona çatacaq.

İnsan dünyada bolluq və rifah içində də olsa, bunların heç biri ona aid deyil, ölümü ilə birlikdə hamısı dünyada qalacaq. Və bəlkə də dünyada bolluq içində yaşayan bu insanın sonu cəhənnəm əzabı olacaq. Burada izah edilən də budur: bir insanın dünyadakı həyat şərtləri ölçü deyil, ancaq sınaqdan ibarətdir. Dünyada bəzi çətinliklərlə qarşılaşmış bir insan axirət həyatında, cənnətdə sonsuza qədər xoşbəxtlik və sevinc içində ola bilər. Çünki dünyada ikən hər şərait və mühitdə Allahı dost etmiş və Onun məmnuniyyətini qazanmaq üçün səbir etmişdir. Axirətdə bu şəxslərin deyəcəyi söz budur:

Onlar deyəcəklər: “Qəm-qüssəni bizdən uzaq edən Allaha həmd olsun! Həqiqətən, Rəbbimiz bağışlayandır, şükürün əvəzini verəndir. Öz lütfü ilə bizi əbədi iqamətgahda yerləşdirən Odur. Orada bizə nə bir yorğunluq üz verəcək, nə də bir üzgünlük toxunacaqdır!”  (Fatir surəsi 34-35)

Kamil iman sahibinin nemət verildiyində göstərdiyi rəftar

İnsanların çoxuna çətinlikdən sonra nemət veriləndə ayədəki ifadə ilə  desək, öyünüb sevinərlər. Bu nemətin özlərinə kim tərəfindən verildiyini unudub dərhal üz çevirərlər. Halbuki, Allah Quranda "... Öyünmə! Həqiqətən, Allah öyünənləri sevmir” (Qəsəs surəsi, 76) şəklində buyurmuşdur.

Əsl iman sahibləri özlərinə verilən nemətlərdən qürurlanmayan və bütün bunların Rəbbimizdən olduğunu bilənlərdir. Onlar çətin zamanda olduğu kimi, nemət və rifah içində olarkən də Allaha möhtac olduqlarını və Allahın dilədiyi anda onlardan neməti ala biləcəyini, özlərini acizlik içərisində buraxa biləcəyini unutmazlar. Buna görə, darlıqda da, bolluqda da, çətinlikdə də, rahatlıqda da hər zaman Allaha şükür edərlər.

Onlar qarşılarına çıxacaq çətin bir günün əzabından qorxarlar. Çünki Allahın verdiyi nemətlərə nankorluq edənləri cəzalandıracağını bilirlər. Nankorluq edənlərin cəzalandırılacağı bir ayədə belə xəbər verilmişdir:

Nankorluqlarına görə onları belə cəzalandırdıq. Məgər biz nankordan başqasını cəzalandırarıqmı? (Səba surəsi, 17)

 

Onlar verilən nemətlərin də eynilə çətinliklər kimi dünya həyatı üçün hazırlanan xüsusi imtahanın bir parçası olduğunu bilirlər. Quranda hz. Süleymanın bu həqiqəti belə ifadə etdiyi bildirilir:

… “Bu, Rəbbimin lütfündəndir ki, məni sınağa çəksin, görək şükür edəcəyəm, yoxsa nankor olacağam! Kim şükür etsə, ancaq öz xeyrinə şükür etmiş olar, kim də nankor olsa, (bilsin ki), həqiqətən, Rəbbim (onun şükrünə) möhtac deyildir, səxavətlidir!”  (Nəml surəsi, 40)

 

Məhz kamil iman sahibi olan möminin nemət qarşısında göstərdiyi rəftar da eynilə belədir. Bunun sınaq olduğunu dərhal düşünərək Allaha sığınar və Ona şükür edər. Bundan sonra əlinə keçən bu imkanlarla Allahın əmrlərini və digər ibadətləri  nöqsansız yerinə yetirər.

Ancaq bunu da unutmaq olmaz ki, insanlara verilən nemətlər yalnız maddi dəyərlərlə məhdudlaşmır. İnsanın imanı, gözəlliyi, ağlı, qabiliyyətləri, sağlamlığı kimi mövzular da möminlərin şükür etməsini tələb edən böyük nemətlərdir. Bir ayədə "O, sizə istədiyiniz hər şeydən vermişdir. Əgər Allahın nemətlərini sayacaq olsanız, onları sayıb qurtara bilməzsiniz.…" (İbrahim surəsi, 34)  şəklində bildirilərək Allahın qulları üzərindəki sonsuz nemətinə diqqət çəkilmişdir.

Quran və peyğəmbərlərin həyatına baxdığımızda çox zəngin və ya çox güclü olmalarına baxmayaraq, onların üstün əxlaq göstərdikləri, ədalətdən əsla vaz keçmədikləri və Allaha qarşı təvazökarlıqlarını qoruduqları görünür. Allah iman edən qullarının bu üstün xüsusiyyətlərini Quranın bu ayəsi ilə tərifləyir:

Əgər onlara yer üzündə hökmranlıq versək, onlar namaz qılar, zəkat verər, yaxşı işlər görməyi əmr edib, pis işlər görməyi qadağan edərlər. Bütün işlərin aqibəti Allaha aiddir. (Həcc surəsi, 41)

Mövzular

Image 01

Müəllif haqqında

Hörmətli Adnan Oktarın həyatı və əsərləri haqqında buradan oxuya bilərsiniz.

Image 02

A9 tv

A9 tv-dəki bütün söhbət proqramları, birbaşa efiri və sənədli filmləri buradan izləyə bilərsiniz.

Image 03

Ayə axtar

Quranda ayə axtarma, Quran fihristi. Bu saytda siz Quranı rahat şəkildə incələyə biləcəksiniz.

Image 04

Hədislər

Peyğəmbərimizin (s.a.v) Quran əxlaqı, Axırzaman, İslam birliyi və.s haqqında qiymətli hədisləri.

Image 05

e - təhsil

Hörmətli Adnan Oktarın əsərlərindən faydalanılaraq hazırlanmış elektron təhsil saytı.